Səhiyyə Nazirliyi, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Talassemiya Mərkəzinin təşkilatçılığı ilə "Talassemiya 2026: Müasir klinik idarəetmə və yeni müalicə üfüqləri" elmi-praktik konfransı keçirilib. Konfransda talassemiyanın diaqnostikası, monitorinqi və müalicə strategiyaları müzakirə olunub.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili İlham Məmmədov çıxışında bildirib ki, səhiyyəyə həsr olunmuş tədbirin Heydər Əliyevin 103-cü ildönümü ərəfəsində keçirilməsi rəmzi məna daşıyır. O vurğulayıb ki, bu tədbir ulu öndərin səhiyyə sahəsində formalaşdırdığı və Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişaf kursunun davamlılığını göstərir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxışında qeyd edib ki, “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” ilk qanun 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanıb, 2020-ci ildə isə Prezident İlham Əliyev tərəfindən yeni qanun təsdiqlənib.
Mərkəz rəhbərinin sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə 2022-ci ildə yaradılan Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi 2023-cü ilin yanvarından fəaliyyət göstərir. Həmin dövrdən etibarən Mərkəzin koordinasiyası ilə ümumilikdə 203 sümük iliyi transplantasiyası həyata keçirilib. Yeganə Abbasova bildirib ki, bu uğurlu nəticələr dövlətin insan sağlamlığına göstərdiyi diqqət və transplantasiya sahəsində aparılan islahatların mühüm göstəricisidir.
Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Müalicə işləri üzrə müavini Səhər İsmayılova çıxışında bildirib ki, hazırda mərkəzdə gündəlik yüzlərlə pasiyentə ambulator xidmət göstərilir, qan köçürmə və sümük iliyi transplantasiyası kimi müasir müalicə üsulları tətbiq olunur. Laborator sistemlərin avtomatlaşdırılması və xidmətlərin tam dövlət təminatı ilə həyata keçirilməsi pasiyentlər üçün yüksək səviyyəli tibbi xidmət yaradır.
Tədbirdə talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin daha da təkmilləşdirilməsi, erkən diaqnostikanın genişləndirilməsi və müalicə imkanlarının artırılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.